merry christmas

Yeni İliniz Mübarək

Read Time:1 Minute, 36 Second

 71 

Hər gün cəbhədən sevindirici xəbərlərin gəlməsi, Ali Baş Komandanın çıxışları Vətən həsrəti ilə yaşayan hər bir vətəndaşımızda böyük inam və qürur hissi yaradır. Otuz ilə yaxındır yurd həsrəti çəkən kəlbəcərlilər də doğma torpaqlarının düşmən tapdağından azad olunması xəbərini səbirsizliklə gözləyirlər. Onlar əmindilər ki, Kəlbəcərə dönəcəkləri gün uzaqda deyil.

Ipmedia.info xəbər verir ki, Xaçmazın Nabran kəndindəki “Dostluq” turizm bazasının ərazisində 40-a yaxın kəlbəcərli ailə yaşayır.

Kəlbəcər sakini Vaqif Salmanov da ailəsi ilə birlikdə Xaçmaz rayonunda məskunlaşan məcburi köçkünlərdəndir. Erməni işğalı nəticəsində doğma yurdundan didərgin düşən 70 yaşlı ağsaqqalın ürəyi 27 ildir Vətən həsrəti ilə döyünür.

“Mən Kəlbəcər rayonunun Qasımlar kəndindənəm. Allah heç kimə köçkünlük həyatı yaşatmasın. Tezliklə torpaqlarımız azad olunsun, qayıdaq doğma yurdumuza. O vaxtı ordumuzda nizam-intizam yox idi, hakimiyyət zəif idi deyə, erməni quldurları bundan istifadə edib Kəlbəcəri işğal etdi. İndi biz Prezidentimizlə, ordumuzla fəxr edirik. Nizami ordumuz var. İndi torpaqlarımız düşmən tapdağından azad olunur. Biz də doğma Kəlbəcərimizin işğaldan azad olunacağı günü səbirsizliklə gözləyirik. Gündəlik televizorda xəbərləri izləyirik. Tezliklə qələbə xəbərini eşidəcəyik. Kəlbəcər azad olunsun doğma yurduma ayaqyalın qayıtmağa hazıram”, – deyə Vaqif Salmanov söyləyib.

Kəlbəcər rayonunun Çaykənd kəndindən olan məcburi köçkün Fərman Salmanov 1993-cü ildən Xaçmazın Nabran kəndində məskunlaşıb. Keçən illər ərzində Vətən həsrətinin hər gün qəlbini göynətdiyini bildirir.

“Kəlbəcər ərazisinə görə respublikamızda ən böyük rayonlardandır. Həm də bizim rayon təbii sərvətləri ilə zəngindir. Kəlbəcərdə elə bir ailə yoxdur ki, onun üzvlərindən şəhid və ya girov olmasın. Kəlbəcər o vaxtkı rəhbərlərin səriştəsizliyi səbəbindən üç günün içində düşmənə verildi. İndi isə şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdikcə biz də hamı kimi fərəhlənirik. Füzuli də, Cəbrayıl da, Zəngilan da bizimdir. Yaxın günlərdə Kəlbəcərin də işğaldan azad olunacağı xəbərini gözləyirik. Ordumuzla fəxr edirik. Yaşasın Ali Baş Komandan! Prezidentimiz sözü ilə desək, erməniləri torpaqlarımızdan iti qovan kimi qovacağıq”, – deyə Fərman Salmanov söyləyib.

Yurd-yuvasından uzaq düşmüş kəlbəcərlilər inanır ki, şanlı Azərbaycan Ordusunun başlatdığı bu zəfər yürüşü tezliklə bizi öz hədəfimizə çatdıracaq, doğma Vətənindən didərgin düşmüş insanlar öz dədə-baba yurdlarına qayıdacaqlar.

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.