merry christmas

Yeni İliniz Mübarək

Read Time:2 Minute, 53 Second

 970 

Ermənilər hər vəchlə Azərbaycan Ordusunun mülki obyektlərə ziyan vurduğunu bildirməyə, bununla da cəbhədəki uğursuzluğu unutdurub, diqqəti başqa səmtə yönəltməyə çalışır. Xüsusən ermənilər bu məsələdə diqqəti daha çox dini obyektlərə yönəltməkdə maraqlıdır. Din insanların həssas yeri olduğundan, dini ibadətgahların dağıdılması yönündə haray-həşir salmaq ermənilərin ən önəmli silahına çevrilib.

Daha əvvəl Şuşadakı Qarabağ yeparxiyasının mərkəzi hesab edilən Müqəddəs Xilaskar Kafedralı və ya Qazançı kilsəsinin vurulduğuna dair məlumatlar xüsusi həvəslə tirajlandı. Ermənilər bu fakta məyus olmaqdan daha çox, Azərbaycan Ordusunu günahkar bilib, bunu bir bayram, bir qələbə kimi qeyd etməyə başladılar və beynəlxalq ictimaiyyətə “baxın, azərbaycanlılar dini ibadətgahlara da qiymət vermir” kimi çağırış etməyə çalışdılar.

Zəngilanda, Ağdamda və işğal edilmiş digər rayonlarımızda dini ibadətgahlarımıza hörmət qoymayıb, məscidlərimizdə donuz otaranlar bunu elə formada çatdırmağa çalışdılar ki, sanki özləri “süddən çıxmış ağ qaşıqdırlar”. Təbii ki, Prezident İlham Əliyev müsahibələrində bu məsələyə kifayət qədər aydınlıq gətirib.

Almaniyanın ARD telekanalında həmin suala cavab, məncə, tutarlı fakt kimi qəbul edilə bilər: “Artıq qeyd etdiyim kimi, bu, ehtimal ki, bizim artilleriyanın səhvi olub və ya, ikinci variant o ola bilər ki, ermənilər bizi günahlandırmaq üçün bunu özləri ediblər… Lakin bu, kiçik ziyan idi. Dağılmayıb. Siz oranın şəkillərini görmüsünüz? Kiçik ziyandır. Kilsə dağılmayıb. O, maksimum iki həftəyə təmir edilə bilər. Ona görə də, bizdə şübhə var ki, bu, bizi günahlandırmaq üçün onların özləri tərəfindən törədilmiş ola bilər. Bakıdakı erməni kilsəsinə baxın. Biz onu qoruyub saxlayırıq. Biz onu bərpa etmişik”.

Özlərini sülh quşu, müharibədə maraqlı olmayan tərəf kimi göstərməyə çalışan ermənilər nədənsə dini xadimlərindən əlində xaç əvəzinə, avtomat tutan hərbçi kimi istifadə etdiklərini unudurlar. Bəs xristian dini insanları öldürməməyə, günahsız insanların qanına əlini bulamamağı əmr etmirdimi?!

Rusiya ermənisi Aşot Qabrielyanın ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilən “War Gonzo” layihəsinin jurnalist adına ləkə olan icraçısı (peşəkar o halda ola bilər ki, qərəzsiz olsun – S.M.) Semyon Peqov bu dəfə video yayaraq Yuxarı Gövhər Ağa məscidi və ya Şuşa Cümə məscidini Azərbaycan tərəfinin vurmaq istədiyini yayıb. Daha doğrusu, o, məscidin yanına düşən hansısa dəliyi göstərərək ora artilleriyadan atəş açıldığını bildirib.

Əvvəla, onu bildirək ki, Azərbaycan hərbi texnikası ermənilərin əlində olan silahlardan fərqli olaraq, dəqiqliyi ilə seçilir. Yəni, hələ ora atəş açılması təsdiqlənməli məqamdır. İkincisi, azərbaycanlıların Şuşanın tarixi simvollarından birini, ələlxüsus da məscidi qəsdən vurmaq istəyini gülüncdür. Onsuz da Şuşanın işğaldan azad ediləcəyinə heç birimizdə şübhə yoxdur. Bəs niyə belə bir dini-tarixi obyektimizi vurmalıyıq?

Ən maraqlı məqam isə odur ki, Peqov hər sözündə Azərbaycan məscidini İran məscidi kimi təqdim etmək istəyir. Məqsədi bəllidir. İrandan lazımi köməyi ala bilməyən Ermənistan Peqov kimilər vasitəsilə müəyyən siqnallar vermək istəyir. Guya bununla öz aləmlərində məscidləri vurulduğu üçün İrandan dəstək almağa çalışırlar.

Əslində isə Şuşa Cümə məscidinin azərbaycanlılara məxsus olmasına dair tarixi faktlar üzdədir. Məscid ilk dəfə XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli tərəfindən qamışdan tikilib. Daha sonra onun oğlu İbrahimxəlil xan 1768-1769-cu illərdə qamış məscidi daşla əvəz edib. XIX əsrin I yarısında və 1883-1884-cü illərdə Pənahəli xanın nəvəsi, İbrahimxəlil xanın qızı Gövhər ağa (və ya Gövhərnisə bəyim) iki dəfə məscidi yenidən tikdirib və ibadətgah onun adına adlandırılıb.

Qarabağ müharibəsi zamanı Şuşanın işğalından sonra məscid qismən dağıdılmış, interyerləri demək olar ki, məhv edilmiş, minarələrinin dekoru zədələnmiş və çadırvari örtükləri dağıdılmışdır. 2017-ci ildə qondarma Dağlıq Qarabağ Respublikası İranın “Part Saman Cahan” memarlıq şirkəti ilə məsciddə bərpa işləri aparıb. Bu da turist kimi gələn İran vətəndaşlarının Şuşada ibadət etməyi üçün nəzərdə tutulub. Bununla da ermənilər bu məscidi öz aləmlərində farslaşdırıblar.

Amma tarixi faktı heç kim dəyişdirə bilməz. Azərbaycan Ordusu isə heç vaxt öz ulu əcdadlarının tikdiyi ibadətgahı vurmaq niyyətində ola bilməz.

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.