27 Oktyabr 2020

İpmedia.info

İnternational Press

“Psixoloqa dəlilər, manyaklar gəlməz, dəlilərin, manyakların problemli etdikləri gələr” – Psixoloq-Pedaqoq Zeynəb Əyyubova ilə müsahibə…

Read Time:3 Minute, 39 Second

 387 

İlk öncə özünüzü oxucularımıza təqdim edin, zəhmət olmasa. Neçə ildir bu sahədə çalışırsız, uğurlarınız nələrdir?

– Əyyubova Zeynəb Adil qızı. 12 ildir Psixoloq-Pedaqoq sahəsində çalışıram. Psixoterapiya ilə məşğulam, terapilər edirəm, tələbələr yetişdirirəm. Sağaltdığım ruhunda, həyatında problemi olan insanlar, yüzlərlə tələbələr və bu gün yetərincə məşhur olan psixoloqlar bu illər ərzində qazandığım ən böyük uğurlarımdır.

Bu peşəni seçməyinizin xüsusi səbəbi varmı?

– Bu peşəni seçməkdə xüsusi səbəb kimi nəyisə göstərə bilmirəm. Amma bu dəqiq yadımdadır ki, ta uşaqlıqdan insanların yaşayışı, onların nəyi nə üçün etdikləri həmişə mənə maraqlı olub. Bu sahənin açarı da elə insanların nəyi niyə etdikləridir.

Çox insan bu 3 sahəni fərqləndirə bilmir. Psixoloq, psixoterapevt və psixiatrın fərqi nədədir?

– Psixiatr Tibb Universitetini bitirir, 7 il təhsil alır. Psixoloq isə 4 illik təhsilini istər Pedaqoji, istər Bakı Dövlət Universitetində ala bilər. İnsanların anladığı dildə desək, əsas fərq odur ki, psixiatr dərmanlarla, psixoloq isə terapiya ilə müalicə edir. Psixoterapevt də terapiyanın bir növüdür. Əgər bu işlə məşğul olan insan Tibb Universitetini bitiribsə, dərmanlarla, bitirməyibsə, yalnız terapiya ilə, dərmansız müalicə edə bilər.

“Psixoloq dəli həkimidir” və ya “psixoloqa dəlilər gedir” xalq arasında tez-tez eşitdiyimiz cümlələrdir. Bu fikrə münasibətiniz necədir?

– Bəli, bu cümlələri biz də tez-tez eşidirik. Amma artıq tək eşitdiyimiz bu cümlələr deyil. Hətta belə bir fikir də vardır ki, “psixoloqa dəlilər, manyaklar gəlməz, dəlilərin, manyakların problemli etdikləri gələr”. Sizin yazdığınız fikrə münasibətim odur ki, ruhi problemi olan, ruhu xəstə olan insanlar, yəni el arasında “dəli” adlandırılan insanlar psixoloqa deyil, psixiatra müraciət edirlər. Bütün bunlara baxmayaraq sevindirici haldır ki, əvvəllər bu deyim 100% kütlə arasında deyilirdisə, indi 40%-ə düşüb. Çünki, yetərincə sivil, normal insanlar psixoloqa sadəcə rahatlama, sakitləşmə və söhbət eləmə ehtiyacından dolayı müraciət edirlər.

Sizə müraciət edən pasiyentlər əsasən nələrdən şikayətlənir? Və onlara nə məsləhət görürsüz?

– Hər pasiyentin özünə görə bir problemi, travması olur. Bu gün bütün problemlərin kökü uşaqlıqdan gələn travmalara aid edilir. Bunu bütün psixoloqlar birmənalı olaraq belə deyir. Uşaqlıqda yaşaya bilmədikləri, yaşadıqları və ya normal mühitdə yaşamaması, normal ailə abu-havasını görməməsi insanda müəyyən travmalar yaradır. Bu da gələcəkdə özgüvən əksikliyi, insanlara güvənməkdə və münasibətdə problemlər yaradır. Onlara nə məsləhət görəcəyim isə onların xüsusi problemlərindən asılıdır. Amma ümumi olaraq pasiyentlərə devizimiz, məsləhətimiz xoşbəxtliklərini heç kimin vicdanına buraxmamaları və özlərini sevmələri, özlərinə dəyər vermələridir.

Heç olubmu ki, keçirdiyiniz seanslar uğurlu alınmasın? “Kiçik məğlubiyyətlər, böyük qalibiyyətlər gətirir” fikri ilə razısınızmı?

– Ümumiyyətlə, “uğurlu alınmayan seans” deyə bir şey yoxdur. Əgər mütəxəssis düzgün metodu, terapi növünü və üsulu seçibsə, alınmama variyantı yoxdur. Sadəcə bəzi pasiyentlər müəyyən səbəblərdən terapini yarıda qoyar, irəli gedə bilməz. Çünki, maddi və ya mənəvi problemləri olar və bu problemlər ona terapi almağa mane olar. Qalan heç bir halda uğursuz alınma ehtimalı yoxdur. O ki qaldı “kiçik məğlubiyyətlər, böyük qalibiyyətlər gətirir” fikrinə, bəli, gətirər. Amma hədəf yüksək olsa, davamlı mübarizə ruhunda, davamlı şəkildə işin icrası baş tutsa, əlbəttə ki kiçik məğlubiyyətlər əksinə insan üçün bir motivasiya rolunu oynayar.

Bildiyiniz kimi karantin rejimində yaşayırıq. Evdə qalmaq bir çoxlarına psixoloji təsir edir. Epidemiyaya yoluxma qorxusu və ya uzun müddət evdə qalmaq haqqında müraciət edənlər olurmu?

– Ümumiyyətlə, son dövr müraciət edənlərimizin çoxu panik atakla bağlı əziyyət çəkən insanlardır. Tutmalar, boğulmalar, evdə qalaraq sıxılma, daima ölüm və xəstəliyə yoluxma qorxusu və s. Bu haqda müraciətlərimiz çoxdur və çox effektli nəticələr də əldə edirik. Artıq karantin qaydalarında yumşalmalar olduğuna görə, məktəblər, qismən restoranlar, parklar, əyləncə mərkəzləri, istrahət yerləri və s. açıldığına görə insanlar arasında da bu özünü büruzə verir.

Bəs sizcə, psixoloqun da psixoloqa ehtiyacı olurmu?

– Psixoloqa danışmağa, hansısa problemini bölüşməyə ehtiyacı olan şəxs gedir. Bu peşəsindən, cinsindən və ya aid olduğu ailədən asılı deyil. Yəni, psixoloq psixoterapiyanı, psixoloji seansı ona görə bacarır ki, onun texnikasını bilir. Əgər öz həyatında o texnikaları özünə tətbiq etməkdə çətinlik çəkirsə, o zaman o da psixoloqa müraciət edə bilər. Amma buna cəmiyyətdə birmənalı baxılmır. Çünki, cəmiyyət insanların aid olduğu sənəti, işi onların özü ilə müqayisə edir. Məsələn, biri həkimdirsə, özü xəstələnə bilməzmi? Bilər. Müəllimdirsə, uşağı zəif oxuya bilməzmi? Oxuya bilər. Bu eynən psixoloqda da belədir.

Son olaraq, oxucularımıza nə demək istəyərdiz?

– Oxucularınıza demək istədiyim odur ki, əgər həyatlarında hər hansı bir problem yaşayıblarsa, hal-hazırda hər hansı bir problemin içindədirlərsə, hansısa problemdən dolayı qəlbən, ruhən, psixoloji olaraq, hansısa vərdişlərindən əziyyət çəkirlərsə, mütləq və mütləq psixoloqa müraciət etsinlər. “İnsanlar nə deyər?”, “qohumlar nə deyər?”, “qonşular nə deyər?” deyə düşünüb, sizə verilmiş bu limitli ömrü boşa keçirtməyin. Həyat o qədər qısadır ki, onu kiminsə sözünə xərcləyəcək qədər eninə-boluna istifadə etməyin.

 

 

 

 

Süleymanlı Mirsahibə xüsusi təşəkkürlər.

7+