Mingəçevir Dövlət Universitetində “Rəqəmsal ödənişlərin tətbiqi yeni dövrün tələbidir” mövzusunda nəzəri-praktik seminar keçirilib

Mingəçevir Dövlət Universitetində “Rəqəmsal ödənişlərin tətbiqi yeni dövrün tələbidir” mövzusunda nəzəri-praktik seminar keçirilib

Read Time:2 Minute, 41 Second

 290 

Mingəçevir Dövlət Universitetində (MDU) “Rəqəmsal ödənişlərin tətbiqi yeni dövrün tələbidir” mövzusunda nəzəri-praktiki seminar keçirilib.

Ipmedia.info xəbər verir ki, “Kapital Bank” ASC-nin Mingəçevir filialı ilə birgə “ZOOM” platforması üzərindən onlayn formatda təşkil olunan seminarı açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın güclü siyasi iradəsi və böyük qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti sayəsində son günlər əldə edilmiş möhtəşəm qələbələr münasibətilə tədbir iştirakçılarını təbrik edib. Şanlı ordumuzun hər bir kənd, qəsəbə, şəhər və yüksəliklər uğrunda gedən şiddətli döyüşlərdə mənfur düşməni əzib keçərək, onlara sarsıdıcı zərbələr endirərək inamla irəlilədiyini bildirən rektor üçrəngli bayrağımızın tezliklə işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminliyini ifadə edib.

Sonra, seminarın mövzusunun aktuallığına toxunan Ş.Bayramov Azərbaycan Respublikasının Prezidentinin 26 sentyabr 2018-ci il tarixli müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”ndan irəli gələn məsələlər haqqında ətraflı məlumat verib. Seminarın sözügedən Dövlət Proqramının icrası üzrə müvafiq Tədbirlər Planı çərçivəsində təşkil olunduğunu qeyd edən rektor Proqramın vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi baxımından əhəmiyyətindən danışıb. Ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, həmin xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edən Ş.Bayramov qlobal pandemiya şəraitində rəqəmsal ödəniş alətlərindən istifadənin aktuallığının əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırıb.

Eyni zamanda, dördüncü sənaye inqilabı dövrü ilə əlaqədar olaraq cəmiyyət həyatının bütün sahələrində rəqəmsallaşmanın artırılması, o cümlədən rəqəmsal ödənişlərin tətbiqinin genişləndirilməsi üçün onların üstünlüklərini təbliğ edən müvafiq maarifləndirmə işlərinin aparılmasına ciddi ehtiyac olduğunu vurğulayan Ş.Bayramov seminarın əhəmiyyətini və gələcəkdə MDU-nun bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini qeyd edib.

Tədbirdə çıxış edən “Kapital Bank” ASC-nin Mingəçevir filialının müdiri Elşən Qasımov MDU-nun tələbə, magistrant və professor-müəllim heyəti ilə görüşməkdən məmnun olduğunu bildirib. “Maliyyə xidmətlərinin genişlənməsində rəqəmsal ödənişlərin tətbiqinin rolu” mövzusunda təqdimatında E.Qasımov rəqəmsal ödənişlərin üstünlükləri, “Kapital Bank” ASC-nin bu istiqamətdə müştərilərə yaratdığı imkanlar, göstərdiyi xidmətlər, məlumatların qorunması, əməliyyatların təhlükəsizliyi və digər məsələlər haqqında ətraflı məlumat verib.

Seminar MDU-nun “İqtisadiyyat” kafedrasının müəllimi Arif Kələşovun “Azərbaycan Mərkəzi Bankının fəaliyyətində innovativ ödəniş texnologiyaları” mövzusunda məruzəsi ilə davam edib. Rəqəmsal ödənişlərin və elektron xidmətlərin geniş tətbiqinin şəffaflığın təmin edilməsinə, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasına və iqtisadi artıma müsbət təsirini qeyd edən məruzəçi çıxışında müasir dövrdə rəqəmsal ekosistemin inkişafında Mərkəzi Bankın rolundan, Azərbaycanda blokçeyn texnologiyalarının tətbiqi və kriptovalyutalardan istifadə perspektivlərindən bəhs edib.

“Smart kart və onun üstünlükləri” mövzusunda çıxış edən MDU-nun “İnformasiya texnologiyaları” kafedrasınn müəllimi Şəbnəm Nəsirova smart kartların quruluşu və onların növləri haqqında məlumat verərək, respublikamızda smart kartlar vasitəsilə birbaşa ödəmə sistemlərinin inkişafı, təkmillədirilməsi və dünya ödəmə sistemlərinə inteqrasiyası barədə danışıb.

MDU-nun “İnformasiya texnologiyaları” kafedrasının müəllimi Nərmin Əhmədova “Elektron ticarətdə ödəniş sistemləri” mövzusunda çıxış edib. Müasir dövrdə elektron ödənişlərin internet-kommersiya və internet-bankçılığın inkişafı ilə geniş vüsət aldığını qeyd edən məruzəçi nağdsız ödənişlər zamanı müştəri məmnuniyyətinin artırılması, həmçinin bu ödənişlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində ölkədə aparılan məqsədyönlü tədbirlər barədə ətraflı məlumat verib.

Seminarda mövcud vəziyyətlə əlaqədar kiberhücumların artdığı bir şəraitdə rəqəmsal təhlükəsizlik məsələləri, MDU və “Kapital Bank” ASC-nin Mingəçevir filialı arasında əməkdaşlığın perspektivləri, o cümlədən rəqəmsal tətbiqlər vasitəsilə yeni əməkdaşlıq modellərinin qurulması imkanları və digər mövzularla bağlı müzakirələr aparılıb, tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

0
Ölkə TƏHSİL