20 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Gürcüstan azərbaycanlıları bu ölkənin rəhbərliyinə müraciət edib

Read Time:1 Minute, 22 Second

 195 

Gürcüstanda yaşayan azərbaycanlıların təmsil olunduqları 60-a yaxın qeyri-hökumət təşkilatı bu ölkənin rəhbərliyinə müraciət ünvanlayıb.

Ipmedia.info “Report”a xəbər verir ki, müraciətdə sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təxribatlar, mülki insanlar və obyektləri raket və top mərmiləri ilə qəsdən atəşə tutması, beynəlxalq humanitar hüququ kobudcasına pozması barədə ətraflı məlumat təqdim olunub.

Soydaşlarımız Gürcüstan dövləti, beynəlxalq təşkilatları Ermənistana işğalçı siyasətini dayandırması və işğal edilmiş Azərbaycan ərazilərini dərhal azad etməsi üçün təsir göstərməyə, Ermənistan hökumətini beynəlxalq hüquq və normalara riayət etməsini təmin etməyə çağırıb.

Müraciət müəllifləri qeyd ediblər ki, Gürcüstanın azərbaycanlı vətəndaşları tarixin bütün dönəmlərində Gürcüstana, gürcü xalqına öz sədaqətini nümayiş etdirib, Gürcüstan dövlətçiliyinin inkişafında, ərazi bütövlüyü uğrunda apardığı mübarizələrdə yaxından iştirak ediblər: “Azərbaycanla Gürcüstan yaxın qonşu və dost olmaqla bərabər, həm də strateji tərəfdaşdırlar. Hər iki ölkənin ərazilərinin 20 faizi işğal altındadır və öz ərazi bütövlüklərini bərpa etmək onların ən təbii haqqıdır. Azərbaycan Respublikası hər zaman beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi bütövlüyünə, Ermənistandan fərqli olaraq, tam dəstək nümayiş etdirib, ölkəmizin ayrılmaz hissəsi olan Abxaziya və Samaçablonun işğaldan azad olunması yolunda Gürcüstanın atdığı bütün addımları dəstəkləyib və dəstəkləməkdədir”.

Müraciətdə vurğulanıb ki, Dağlıq Qarabağın qondarma erməni rejimi dəfələrlə Gürcüstanın işğal altında olan bölgələrindəki separatçı rejimlərlə işbirliyinə girib, Gürcüstanın ərazi bütövlüyünə açıq-aşkar etinasızlıq və hörmətsizlik nümayiş etdirib: “Əlbəttə, bizlər Azərbaycan ərazisində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün apardığı əməliyyatların heç bir halda həm azərbaycanlı, həm də erməni icmasının yaşadığı Gürcüstana mənfi təsirlər göstərməməsi üçün əlimizdən gələni edirik və edəcəyik. Bununla belə, Sizdən Azərbaycanın haqlı mövqeyini dəstəkləmənizi və məsələ barədə obyektiv münasibət bildirmənizi xahiş edirik”.

Müraciət Gürcüstanın prezidenti, baş naziri, Xarici İşlər Nazirliyi ilə yanaşı beynəlxalq təşkilatların bu ölkədəki nümayəndəliklərinə də təqdim olunacaq

0