Bu gün Hüseyn Cavidin Doğum günüdür.

Bu gün Hüseyn Cavidin Doğum günüdür.

Read Time:2 Minute, 16 Second

 277 

Hüseyn Cavid 24 oktyabr 1882-ci ildə Naxçıvan şəhərində ruhani ailəsində anadan olub.

 İpmedia.info məlumat verir:

Atası Abdulla 1877-ci ildə Naxçıvana Şahtaxtı kəndindən gəlib. Hüseyn Cavid beş il Naxçıvanda molla məktəbində ibtidai təhsil aldıqdan sonra orta təhsilini Qurbanəli Şərifovun məsləhəti ilə atasından gizlin Məhəmməd Tağı Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində almışdır. 1899-1903-cü illərdə Cənubi Azərbaycanda qardaşının yanında olmuş, Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirmişdir. O burada ərəb və fars dillərinə yiyələnmişdir. Daha sonra ağır göz xəstəliyinə görə təhsilini dayandırmış və ticarətlə məşğul olmuşdur. Daha sonra Təbrizdən Urmiyaya getmiş 1904-cü ilin may ayına qədər orada yaşamışdır. 1904-cü ildə Gürcüstana gedib orada yol tikintisi ilə məşğul olan şirkətdə mühasib olaraq işləməyə başlayır. 1906-cı ildə qardaşı Məhəmməd onu İstanbula təhsil almağa göndərir.

İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur.

Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epikepik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. “Keçmiş günlər” adlı ilk şeir kitabı 1913-cü ildə çap olunmuşdur. Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, “Cavid teatrı” kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır.

Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan “Ana” pyesi H.Cavidin dramatik növdə yazdığı ilk əsəridir. Əsərdəki hadisələr Dağıstanda cərəyan edir.

Şeyx Sənan” (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə “haq verilmir, alınır” ideyasına gəlib çıxmışdır.

Yaradıcılığında mühüm yer tutan “İblis” (1918) mənzum faciəsində yazıçı müharibələri pisləyir, müharibənin ağır nəticələrini açıb-göstərir.

1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı.

20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. “Peyğəmbər” (1922) və “Topal Teymur” (1925) əsərlərindən sonra yazdığı “Səyavuş” (1933), “Xəyyam” (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu.

Cənubi Azərbaycandakı azərbaycanlıların “şahənşahlıq” üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü (“Telli saz” dramı, 1930; “Kor Neyzən” poeması, 1930).

Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin “nailiyyətlər”indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində vəfat etmişdir.

0
TARİXDƏ BU GÜN YAZARLAR