20 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Beynəlxalq Startap Yarışmasında Azərbaycanı təmsil edəcək startap məlum oldu

Read Time:1 Minute, 1 Second

 63 

Dünyanın 80 ölkəsindən startapların iştirak edəcəyi İslam İnkişaf Bankının Beynəlxalq Startap Yarışmasında Azərbaycanı təmsil edəcək startap məlum oldu.

Sentyabrın 10-da təşkil olunan onlayn tədbirdə yarışmanın ölkə üzrə milli seçim mərhələsinə müraciət edən startaplar Münsiflər Heyəti qarşısında öz layihələrini təqdim ediblər.

Qeyd edək ki, Münsiflər Heyəti yarışmanın Azərbaycan üzrə rəsmi tərəfdaşı olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), İslam İnkişaf Bankının və İslam İnkişaf Bankı Qrupunun İllik İnvestisiya Toplantısının təşkilat komitəsinin üzvlərindən ibarət olub.

Münsiflər Heyətinin qərarı ilə “Mina – Made in Azerbaijan” startap komandasının yuyucu vasitələrdən istifadə etmədən əşyaları təmizləyən elektron cihazı – “W-ball” layihəsi Azərbaycan üzrə milli turun qalibi seçilib.

Qalib startap Azərbaycanı 29 oktyabr 2020-ci il tarixində Dubayda keçiriləcək Beynəlxalq Startap Yarışmasında təmsil edəcək. Dubayda təşkil olunacaq yarış bilavasitə iştirak formatında keçiriləcəyi təqdirdə milli təmsilçinin bütün xərcləri İslam İnkişaf Bankı tərəfindən qarşılanacaq.

Beynəlxalq Startap Yarışmasında ümumilikdə beş qalib seçiləcək və onların hər birinə 10 min ABŞ dolları məbləğində mükafat veriləcək. Həmçinin, İslam İnkişaf Bankı tərəfindən qalib startapların gələcək inkişafına maliyyə dəstəyi göstərilə bilər.

Qeyd edək ki, Beynəlxalq Startap Yarışmasının Azərbaycan üzrə milli seçim mərhələsinə sentyabrın 1-də start verilib. Yarışmanın tələblərinə uyğun gələn, mobil tətbiqlər, ağıllı cihazlar, onlayn xidmətlər kimi sahələrdə fəaliyyət göstərən 15 startap milli seçim turunda iştirak edib.

0