30 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Azərbaycanın bu 2 ölkə ilə TIR parkı yaratması təklif olunur

Read Time:1 Minute, 53 Second

 76 

Xəbər verildiyi kimi, bu ilin 27 iyul tarixində Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsinin müzakirəsi məqsədilə videokonfrans formatında görüş keçirilib.

Ipmedia.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin görüşün davamı olaraq dünən sözügedən üç ölkənin alt işçi qrupu rəhbərlərinin videokonfrans formatında növbəti iclası keçirilib.

Üç ölkənin ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin artırılması, həmçinin gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğu görüşdə Azərbaycan tərəfindən DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, Əfqanıstan tərəfindən Gəlirlər və Gömrük üzrə nazir müavini Eesa Qudrat, Türkmənistan tərəfindən Dövlət Gömrük Xidmətinin sədr müavini Muhammed Muhammedov, eləcə də hər üç ölkənin gömrük xidmətinin aidiyyəti qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Əfqanıstanın Gəlirlər və Gömrük üzrə nazir müavini Eesa Qudrat gömrük və sərhəd məsələləri üzrə komitənin yol xəritəsini hazırladıqları üçün Azərbaycana xüsusi təşəkkürünü bildirib.

O, yol xəritəsinin hər üç ölkədə gömrük və sərhəd məsələlərinin həllinə yönələn əməkdaşlıq çərçivəsinin hazırlanmasına mühüm dəstək olacağını qeyd edib. Əfqanıstan tərəfi yol xəritəsi ilə bağlı gömrük infrastrukturunun təkmilləşdirilməsi, insan müdaxiləsini azaltmaqla gömrük əməliyyatlarının sürətləndirilməsi, gömrük xidmətinin ən son texnologiyalar ilə təmin edilməsi, üç ölkənin gömrük xidmətləri arasında məlumat mübadiləsinin aparılması, quru limanlarının layihələndirilməsi və modernləşdirilməsi, həmçinin TIR parklarının yaradılması ilə bağlı təkliflərini diqqətə çatdırıb.

Görüşdə çıxış edən Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov Dövlət Gömrük Komitəsi tərəfindən gömrük nəzarəti və rəsmiləşdirilməsində istifadə edilən vahid avtomatlaşdırılmış idarəetmə sistem barədə məlumat verib, Azərbaycan gömrük xidmətinin ilkin məlumat mübadiləsi sahəsində geniş təcrübəyə malik olduğunu və “Azərbaycan Respublikası və Türkmənistan arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında Saziş”in imzalandığını və belə sənədin Əfqanıstanla da imzalanmasının qeyd olunan sahədə həyata keçirilən tədbirlərə öz töhfəsini verəcəyini diqqətə çatdırıb. İsmayıl Hüseynov Azərbaycanın Rusiya, Ukrayna, İran və Gürcüstanla ilkin məlumat mübadiləsi mexanizminin mövcud olduğunu da qeyd edib.

Türkmənistan tərəfi tədbir zamanı yol xəritəsinə ikitərəfli Anlaşma Memorandumu və ya saziş üçün tədbirlər planı hazırlamaq, müvafiq tapşırıqların yerinə yetirilməsi üçün daimi işçi qrup yaratmaq və ilkin olaraq qadağan olunmuş malların siyahısını mübadilə etməklə bağlı təkliflər irəli sürüb.

Görüş zamanı yol xəritəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb və növbəti görüşdə müzakirə olunacaq məsələlər barədə razılıq əldə olunub.

0