22 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Azərbaycan və İsveç XİN başçılarının videokonfrans formatında görüşü keçirilib

Read Time:1 Minute, 32 Second

 123 

Bu ilin 30 sentyabr tarixində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və İsveç Krallığının Xarici İşlər naziri Ann Linde arasında videokonfrans formatında görüş baş tutub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazir Ceyhun Bayramov İsveç Xarici İşlər nazirinin bölgəyə planlaşdırılan səfəri təxirə salındığı üçün videokonfrans formatında görüşün keçirildiyini qeyd edib və bu görüşün həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi üçün faydalı olacağını bildirib.

İsveçli nazir Azərbaycana səfərinin noyabr ayına təxirə salındığını qeyd edib və iki ölkə arasındakı münasibətlərlə yanaşı, İsveçin ATƏT-də qarşıdan gələn sədrliyi ilə əlaqədar məsələlərinin gələcək səfər çərçivəsində daha ətraflı müzakirəsi imkanının olacağını ifadə edib.

Görüşdə nazirlər Azərbaycan və İsveç arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafını qeyd edərək, əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan tam istifadə olunmasının əhəmiyyətini vurğulayıblar. Xüsusilə, ticarət sahəsində əməkdaşlığın inkişafı, o cümlədən insanlar arasında əlaqələrin genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bölgədə yaşanan gərginlik ilə bağlı narahatlığını ifadə edən nazir Ann Linde sülhün təmin olunmasının vacibliyi bildirib və hazırkı vəziyyəti sorğu edib.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ağır nəticələri ilə bağlı həmkarına məlumat verib, münaqişənin həllinin əsasını təşkil edən qərar və qətnamələr, o cümlədən BMT TŞ məlum qətnamələrinin tələblərini qeyd edib. Ermənistan rəhbərliyinin son zamanlar sərgilədiyi təxribatçı fəaliyyəti, o cümlədən cari ilin 12-16 iyul tarixində Ermənistanın iki dövlət sərhədində hücum cəhdi, 23 avqust tarixində diversiya-kəşfiyyat qrupunun təxribatı, Azərbaycan işğal edilmiş ərazilərində həyata keçirilən qanunsuz fəaliyyət, eləcə də digər təhrikçi bəyanat və açıqlamaları barədə İsveç nazirini məlumatlandırıb. Bölgədə davamlı sülh və təhlükəsizliyinin təmin olunması üçün Ermənistanın silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal çıxarılmasının zəruri olduğunu bildirib.

Nazir Ann Linde İsveçin münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu və ATƏT-in Minsk Qrupunun səylərini dəstəklədiyini qeyd edib. Dövlətlərin Helsinki Yekun Aktının başlıca prinsiplərinə hörmət etməsinin vacibliyi ifadə olunub.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

1+