25 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Allahşükür Paşazadə ilə Gürcüstan Patriarxı arasında telefon danışığı olub

Read Time:59 Second

 87 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya ilə telefon əlaqəsi saxlayıb.

IPMEDIA Oxu.Az-a istinadən xəbər verir ki,bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, telefon söhbəti zamanı xalqlarımız arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin səviyyəsindən razılıq ifadə olunub, son zamanlar, xüsusən, pandemiya səbəbindən gediş-gəliş imkanları məhdudlaşsa da, mənəvi əlaqələrə bunun heç bir xələl gətirmədiyi vurğulanıb.

Şeyxülislam A.Paşazadə II İliyanın Qafqazın ağsaqqal, müdrik dini lideri olduğunu və onunla hər bir görüş, ünsiyyət imkanından şad olduğunu xüsusilə qeyd edib. Patriarx II İliya dövlətlərimiz, bölgəmiz naminə hər zaman birgə səylərini davam etdirəcəklərinə ümidvar olduğunu ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya dərin ehtiram və xoş arzularını çatdırmağı QMİ sədrindən xahiş edən Patriarx II İliya Azərbaycan və gürcü xalqları arasında tarixi qardaşlıq və möhkəm təməlləri olan dostluq münasibətlərinin bundan sonra da davam və inkişaf etməsi üçün səy və dualarını əsirgəməyəcəyini dilə gətirib.

Gürcü Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin timsalında dinlərarası dialoq və bölgədə sülh və tərəqqi naminə əməkdaşlığın bütün dünya üçün örnək nümunə olduğu qürurla vurğulanıb. Dini liderlər postpandemiya dövrü üçün dinlərarası əməkdaşlıq müstəvisində əməkdaşlığa dair yeni perspektivləri, birgə layihələri müzakirə ediblər.

0